RUSİYADA İMMİQRASİYA MÜFƏTTİŞLİYİ YARADILACAQ
RF DİN federal miqrasiya xidməti rəhbərinin müavini Mixail Kravçenko bunu “Təhlükəsizlik, iqtisadiyyat, əmək bazarı, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mənfi halların qarşısını almaq məqsədi ilə sosial tərəfdaşlıq dövlətin miqrasiya siyasətini təkmilləşdirmək mexanizmi kimi” mövzusunda Moskvada keçirilən və Rusiyanın miqrasiya siyasətinin müzakirəsinə həsr edilən regionlararası konfransda açıqlamışdır.
M.Kravçenko Rusiyada gedən miqrasiya proseslərinə toxunaraq demişdir ki, qeyri-leqal əmək miqrasiyası işəgötürənlər üçün sərfəlidir, lakin bu, ölkə büdcəsinə ziyan vurur. Məsələn, 2002-ci ildə işçi qüvvəsinin cəlb edilməsindən Rusiya büdcəsinə vergi yığımlarının təxminən 0,5 milyard rublu daxil olduğu halda, bu məbləğ real olaraq, ildə 20 milyard rubldan 50 milyard rubladək təşkil etməli idi.
Miqrasiya siyasətinə dair regionlararası konfransda çıxış edənlər əmək miqrasiyası haqqında qanunları təkmilləşdirməyin zəruriliyindən danışmışlar. Çünki Rusiyanın qarşısında duran bir sıra problemlərin həlli əcnəbi işçi qüvvəsinin ölkəyə cəlb edilməsindən asılıdır. Natiqlər vurğulamışlar ki, əmək miqrantları üçün normal şərait yaratmaq, Rusiyada baş vermiş son hadisələrlə və terror təhlükəsinin artması ilə əlaqədar bu proseslərə nəzarət etmək lazımdır.