RUSİYANIN MİQRASİYA QANUNVERİCİLİYİNƏ DÜZƏLİŞLƏR HAZIRLANIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında qanuna düzəlişlər hazırlanır. Həmin düzəlişlərə görə, əmək miqrantları Rusiyada işləməyə müstəqil icazə almaq hüququndan məhrum edilə bilərlər. Belə icazəni yalnız işəgötürən vasitəsilə almaq mümkün olacaqdır. “Rossiyskaya qazeta”nın yazdığına görə, Moskva Dövlət Dumasının Millətlərarası və konfessiyalararası münasibətlər komissiyası qanunvericiliyə düzəlişləri bəyənmişdir.
Paytaxt deputatlarının fikrincə, əcnəbilər üçün işləməyə icazəni işəgötürən almalıdır. Qanun layihəsini hazırlayanlardan biri, Rusiya DİN-in Moskva Universiteti yanında eksperti Pavel Konovalov demişdir: “Mövcud kvotalaşdırma mexanizmi, yəni miqrantın işləməyə icazə aldıqdan sonra əcnəbi işçilər üçün sifariş vermiş təşkilata yollanmayıb, müstəqil vakansiya axtarması mexanizmi səmərəsizdir. Belə olan təqdirdə müəyyən sayda qastarbayter üçün sifariş vermiş işəgötürən işçi əldə edəcəyinə əmin ola bilməz. Məsələn, kvotaya uyğun olaraq, ilin əvvəlindən Moskvaya 300 min əcnəbi işçi gəlmişdir. Lakin bir çox işəgötürənə işçi qüvvəsi yenə də çatışmır“.
Miqrasiya xidmətinin məlumatına görə, icazə almış miqrantlar çox vaxt işə rəsmən düzələ bilmir, yaxud müəyyən müddətdən sonra işdən çıxıb, iqtisadiyyatın kölgə sektorunda çalışırlar. Üstəlik qanun pozucularına çevrilirlər, çünki onların ölkədə qalmaları artıq səfərin məqsədinə uyğun gəlmir. Belə hallarda miqrasiya xidməti mütəxəssislərinin əcnəbilərin axtarışı və bundan əvvəl işləmək üçün verilmiş icazənin ləğvi ilə bağlı çətinlikləri yaranır. Ona görə də Komitə hesab edir ki, kvotalaşdırma qaydasını dəyişdirmək və işə götürmək icazəsini miqrantlara deyil, işəgötürənlərə vermək lazımdır.
Bundan əlavə, paytaxt deputatları əmək miqrantlarının onlarda təhlükəli xəstəliklərin, o cümlədən immun çatışmazlığı virusunun olmaması barədə tibbi arayış almaları müddətini də qısaltmağı təklif edirlər. Belə olan halda, arayışı işləməyə icazə aldıqdan bir ay sonra deyil, icazə alan zaman təqdim etmək lazım gələcəkdir.