RUSİYANIN “TRİBUNA” QƏZETİ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ SƏHİFƏ HƏSR ETMİŞDİR
Rusiyanın “Tribuna” qəzeti 20 yanvar tarixli nömrəsinin “İmena” rubrikası altında çıxan səhifəsini Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsinə həsr etmişdir. Səhifə Azərbaycan Milli Məclisinin deputatı, Sosial Rifah Partiyasının sədri, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlının iştirakı ilə hazırlanmışdır.
Oxuculara Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Heydər Əliyev” sənədli povestindən parçalar təqdim olunmuşdur. Hazırda həmin əsər məşhur “Görkəmli adamların həyatı” silsiləsində çapa hazırlanır.
Şübhəsiz ki, Heydər Əliyevin 1990-cı ilin qanlı yanvar hadisələrindən dərhal sonra Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində verdiyi bəyanatın mətni ilə tanış olan oxucular Bakının dinc əhalisinin qırılmasında SSRİ rəhbərliyini təqsirləndirərək, bunu “kobud siyasi səhv” adlandırmaqdan çəkinməmiş bu insanın böyük mərdliyə və əyilməz iradəyə malik olduğuna bir daha əmin olurlar.
Sergey Dneprovun “Vladimir Putin: o, siyasət nəhəngidir” sərlövhəli yazısında bir sıra dövlət və ictimai xadimlərin - Rusiya Prezidenti Vladimir Putinin, Fransa Prezidenti Jak Şirakın, Şimali Osetiya Respublikasının Prezidenti Aleksandr Dzasoxovun, Rusiya Ali Mədən Şurasının sədri, “SoyuzNeftQaz” Beynəlxalq Neft Şirkəti idarə heyətinin sədri Yuri Şafrannikin Heydər Əliyev haqqında dediklərindən sitatlar gətirilmişdir. Fransa dövləti başçısının “Bu, qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna çıxardı” sözləri Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyinin tarixində əhəmiyyətini tam dolğunluğu ilə ifadə edir.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı “Onu xalqın atası adlandırırlar” məqaləsində Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycanda deyil, həm də Rusiyada və digər ölkələrdə böyük məhəbbət və hörmət bəsləndiyini vurğulayır. Müəllif yazır: “O, bir il öncə öz yaradıcılıq ideyalarını -xalq üçün həyat proqramına çevrilmiş böyük irsini miras qoyaraq bizi tərk etdi.” Qədirbilən xalqımız bu ideyaları Prezident İlham Əliyevlə birlikdə həyata keçirəcəkdir.
Bütün siyasi fəaliyyəti boyu Heydər Əliyevə xas cəhətlər - işinə böyük məsuliyyətlə yanaşmaq, ona müraciət edən adamların xahişlərinə həssas münasibət bəsləmək Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin direktoru, pisixologiya elmləri doktoru professor Valeri Rubtsovun “Aydınlaşdırın. Məruzə edin” adlı xatirələrində öz əksini tapmışdır. Rusiya alimi yazır ki, məhz Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin dəstəyi - o zaman Moskva alimlərinin SSRİ Pedaqoji Elmlər Akademiyasının Ümumi və Pedaqoji Texnologiyalar İnstitutundakı yeni texnologiyalar laboratoriyasının işinin davam etdirilməsi barədə xahiş məktubuna müsbət münasibəti sayəsində pedaqoji elmlərin inkişafı üçün zəruri olan tədqiqatların davam etdirilməsi mümkün olmuşdu. Müəllif Heydər Əliyevin elm xadimlərinə, habelə Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə daim qayğısından da bəhs etmişdir.