REGİONLAR
SAATLIDA PAMBIQ TOXUMÇULUĞU MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seminar-müşavirədə səhmdar cəmiyyəti ilə əlaqələr qurmuş torpaq sahibkarları, əlaqədar elmi müəssisələrin nümayəndələri iştirak etmişlər.
Nazirliyin toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Sabir Vəliyevin, toxumçuluq, pambıqçılıq, şəkər çuğunduru və baramaçılıq sahələrinin əlaqələndirilməsi bölməsinin müdiri Əli İsmayılovun, həmin bölmənin baş məsləhətçi aqronomu Saday Ağababayevin, respublika pambıq toxumlarına nəzarət stansiyasının direktoru Zeydulla Zeynalovun, MKT Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Şaban Cəfərovun məlumatları dinlənilmiş, iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilmişdir.
Tədbirin iştirakçıları Sədafər Hüseynovun “Röyal” kəndli fermer təsərrüfatının tarlasına da baş çəkmiş, yüksəksəviyyəli toxumluq pambıq yetişdirən bu kollektivin işi ilə yaxından tanış olmuşlar. Birbaşa iş üstündə alimlərin verdiyi məsləhətlər, onların torpaq mülkiyyətçiləri ilə canlı dialoqu faydalı olmuşdur.
Sonda “Sarıcalar-pambıq” Açıq Səhmdar Cəmiyyətinin akt zalında İsrailin “Zeraim”, “Gedera” toxumçuluq müəssisələrinin iş təcrübəsini əks etdirən sənədli videofilm nümayiş etdirilmişdir. İsrailli seleksiyaçı alimi Yuri Pinxasovun “Gedera” pambıq sortunun elmi, bioloji və iqtisadi xüsusiyyətləri haqqında şərhi maraq doğurmuşdur.