“Sabah” klubunun meneceri və “Qəbələ”nin iki futbolçusu cəzalanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas Azərbaycan Premyer Liqasının X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan Tovuz”-“Qarabağ” matçında (2:2) ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün Tovuz təmsilçisi əlavə 800 manat ziyana düşüb.
“Səbail”-“Neftçi” görüşündən (2:4) sonra da analoji qayda pozuntusu qeydə alındığı üçün meydan sahibləri 800 manat cərimələniblər.
“Kəpəz”-“Zirə” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə ödəyəcək.
“Sabah”-“Sumqayıt” matçının (3:1) 78-ci dəqiqəsində Bakı təmsilçisinin meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı ilə meydandan qovulduğu üçün 1 oyun cəzalanıb, klub isə 1000 manat cərimə edilib.
“Qəbələ”-“Araz-Naxçıvan” görüşünün (1:4) 29-cu dəqiqəsində “qırmızı-qaralar”ın futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə, birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya olunub. “Qəbələ” klubu isə 800 manat cərimələnib.
Bundan başqa, oyunun 60-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Osama Xalayla ikinci sarı vərəqədən “qırmızı” aldığı üçün 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.