“SABAHIN ULDUZLARI” VƏ “ÜMİD” PAYTAXT FUTBOL ÇEMPİONATLARININ LAUREATLARI MÜKAFATLANDIRILMIŞLAR
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə “Olimpiya himni” səsləndirildikdən sonra BFF-nin I vitse-prezidenti, əməkdar mədəniyyət xadimi Məzahir Süleymanzadə çıxış etmiş, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na layiqli töhfə verən Bakı Futbol Federasiyası tərəfindən 1995-96-cı il təvəllüdlü uşaqlar arasında “Sabahın ulduzları”, 1987-89-cu il təvəllüdlü gənclər arasında isə “Ümid” paytaxt çempionatlarının uğurla keçirildiyini qeyd edən M.Süleymanzadə, bu futbolçuların gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirmişdir.
“Sabahın ulduzları” çempionatında “Neftçi” PFK, “İnter” və “Bakı”, “Ümid” çempionatında isə “Qarabağ”, MOİK və “Olimpik” komandaları müvafiq olaraq 1-3-cü yerləri tutmuşlar. Bu komandalara qızıl, gümüş və bürünc medalları, kubok və diplomları AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katibi Fuad Əsədov, BFF-nin I vitse-prezidenti Məzahir Süleymanzadə və veteran futbolçular təqdim etmişlər. Həmçinin ən yaxşı məşqçi, hakim və futbolçular da BFF-nin fəxri diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Federasiya komandaların oyunlarını müntəzəm olaraq işıqlandırdığına və futbolun təbliğində fəallığına görə bir sıra kütləvi informasiya vasitəsini, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyini - AZƏRTAC-ı Fəxri diplomla təltif etmişdir. Tədbirdə “Çempion”, “Futbol bez qranits” və “Futbol+” qəzetləri də yarışların laureatlarına öz mükafatlarını təqdim etmişlər.
Mərasimdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsq və estrada qruplarının ifası, uşaq və gənc futbolçuların bayram sevincinə özünəməxsus ovqat bəxş etmişdir.