Sabirabadda "Mədəni kənd-mədəni mühit" adlı layihəyə start verilib
Sabirabad, 26 may, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd - mədəni mühit” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi əhalinin mədəni tələbatının ödənilməsində kənd mədəniyyət müəssisələrinin fəallığının və cəlbediciliyinin artırılması, kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması, kəndlərdə mədəni mühitin daha da inkişaf etdirilməsi, kənd əhalisinin asudə vaxtının daha səmərəli təşkil olunmasının təmin edilməsi, kənd mədəniyyətinin rayon və şəhər mədəniyyətinə inteqrasiyası, kəndlərdə yaradıcı potensialın aşkar olunması və inkişaf etdirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin ilk tədbiri olaraq Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Kürkəndi və Qalaqayın kənd kitabxanaları tərəfindən həmin kəndlərdə müxtəlif mövzuları əhatə edən sərgilər təşkil olunub, kompozisiya nümayiş etdirilib. Kürkəndi kənd kitabxanası tərəfindən təşkil olunan sərgiyə ilk baxışda idarə rəhbərliyi və digər əməkdaşlar, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Kitabxananın azyaşlı oxucuları tərəfindən səsləndirilən şeirlərdən sonra sərgi açıq elan olunub.
Sərgidə ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət “Xalqa bağışlanan ömür”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ibarət “Ədəbiyyat və əbədiyyət günəşi”, 28 may — Respublika Gününə həsr olunmuş “İstiqlaliyyətin mübarək, Azərbaycan!” adlı guşələr yaradılıb.
Kitabxananın fondunda yer alan, Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan, həmçinin Azərbaycan tarixinə və uşaq ədəbiyyatına dair müxtəlif kitablardan əlavə, istedadlı uşaqların əl işlərindən ibarət nümunələr də sərgidə nümayiş olunub.
Tədbirin davamında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı”na həsr olunmuş kompozisiya da iştirakçıların marağına səbəb olub.
Daha sonra Qalaqayın kənd kitabxanası tərəfindən təşkil olunan sərgiyə baxış keçirilib, sərgidə nümayiş olunan kitablar haqqında iştirakçılara ətraflı məlumat verilib. Sonda oxucular tərəfindən müxtəlif mövzularda şeirlər səsləndirilib.
Qeyd edək ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki digər kəndlərdə də “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində tədbirlər davam etdiriləcək.