Sabunçu rayonunda Asif Əsədullayev küçəsi təmir olunur
Bakı, 19 iyul, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.
Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Sabunçu rayonunda Asif Əsədullayev küçəsinin təmiri həyata keçirilir. Küçənin uzunluğu 1100 metr, eni ortalama 10 metrdir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frezlənib, küçəboyu 2000 poqonometr piyada səkiləri yenilənib. Hazırda ərazidə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq küçənin 600 metrlik hissəsində asfalt örtüyünün birinci qatının vurulması işləri yekunlaşıb.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılır.
Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.