Sabunçu rayonunda şagirdlər narkomaniyanın doğurduğu faciələr barədə məlumatlandırılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə imzaladıqları Tədbirlər Planının müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhərinin Sabunçu rayonunun 113 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Respublika Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak edib.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri barədə ətraflı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı işlə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim olunub.