Sadır Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun əhəmiyyətindən danışıb
Bakı, 21 iyul, AZƏRTAC
Qırğız Respublikasının Prezidenti Sadır Japarov xalqa müraciətində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun strateji əhəmiyyətini vurğulayıb, bu layihənin həyata keçirilməsinin nəqliyyat problemini aradan qaldırmağa və Qırğızıstanın mühüm tranzit ölkəsinə çevrilməsinə imkan verəcəyini bildirib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı Qırğızıstanın hazırda əsas qlobal nəqliyyat dəhlizlərinə birbaşa çıxışının olmadığını, ixrac və idxalın xarici amillərdən daha çox asılı olduğunu qeyd edib.
“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra ölkəmiz artıq nəqliyyat dalanında olmayacaq və tranzit ölkəyə çevriləcək. Çinlə dünyanın qalan hissəsi arasında ən vacib əlaqə Qırğızıstandan keçəcək”, -deyə S. Japarov bildirib.
Onun sözlərinə görə, yeni dəmir yolu respublikanın beynəlxalq nəqliyyat və logistika sisteminə tam inteqrasiyasını təmin edəcək və ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində əsas amilə çevriləcək.
Prezident vurğulayıb ki, layihənin uzunmüddətli perspektivdə həyata keçirilməsi Qırğızıstana tranzit daşımalarından sabit və uzunmüddətli gəlir əldə etməyə imkan verəcək.
Dövlət başçısı qeyd edib: “Tranzit daşımaları Qırğızıstan üçün hazırda “Kumtor” qızıl mədəni tərəfindən əldə olunan gəlirlə müqayisə edilə biləcək sabit və uzunmüddətli gəlir yaradacaq. Demək olar ki, bu, ölkə üçün ikinci “Kumtor” olacaq”.
S. Japarov, həmçinin vurğulayıb ki, belə genişmiqyaslı infrastruktur layihəsinin uğurla həyata keçirilməsi üçün xarici mütəxəssislərin təcrübəsi və biliyi tələb olunur.