CƏMİYYƏT
Şagirdlər narkotik vasitələrin sağlamlığa vurduğu zərərlər barədə maarifləndirilib
![](/files/galleryphoto/2023/3/1200x630/16980531354082748337_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16980531355722026383_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698053135995622259_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698053135835840425_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
Şagirdlər üçün “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu və Nəsimi Rayon İcra Hakimiyyəti həmin rayonda yerləşən 44 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil ediblər.
Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi məqsədilə keçirilən tədbir “Biz sağlam həyat tərzi seçirik” mövzusunda olub.
İlk öncə şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirilib. Tədbirdə şagirdlərə narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, narkotik maddələrin təsirindən psixi və fiziki asılılığın yaranması, davranışlarda baş verən dəyişikliklər barədə ətraflı məlumat verilib. Məktəbin müəllim və şagirdlərini maraqlandıran suallar bərədə fikir mübadiləsi və diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.