Şagirdlər yazıçı İsmayıl Qarayevin ev-muzeyini ziyarət ediblər
Bakı, 25 oktyabr, AZƏRTAC
Goranboy rayonunda bir qrup şagird Tapqaraqoyunlu kəndində SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı İsmayıl Qarayevin ev-muzeyinə ekskursiya edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Niyazi Aslanovun adını daşıdığı Tapqaraqoyunlu kənd tam orta məktəbinin həyətindəki büstü və Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirə kompleksi ziyarət edilib.
Sonra ekskursiya iştirakçıları İsmayıl Qarayevin ev-muzeyi və iş otağı ilə tanış olublar.
Tədbirdə yazıçının övladı yazıçı-publisist Vəsimə İsmayılqızı, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və Tapqaraqoyunlu kənd tam orta məktəbinin direktoru Sevinc Abbasova bir çox əsərlərin müəllifi olan İsmayıl Qarayevin həyat və yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, yazıçının arxivində 15-dək roman, 40-a qədər povest, 150-yə yaxın hekayə, mənzum dastan, əfsanə, rəvayət və oçerk saxlanılır.
Sonda ziyarətçilərə yazıçının müxtəlif dövrlərdə nəşr olunmuş kitabları hədiyyə edilib.
Ekskursiya Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü İsgəndər Şəklikovun təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.