Britaniya təhlükəsizlik xidməti: Çin dövlət qulluqçularını saxta vakansiyalarla hədəfə alır
London, 4 iyun, AZƏRTAC
Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti (MI5) Çin kəşfiyyatının dövlət qulluqçularını və hərbi personalı saxta iş elanları vasitəsilə hədəfə aldığı barədə xəbərdarlıq edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyanı birləşdirən “Five Eyes” kəşfiyyat alyansının yaydığı bülletendə Çinin onlayn platformalarda aqressiv işə qəbul strategiyasından istifadə etdiyi bildirilib. Məlumata görə, Çin hərbi kəşfiyyatının əməkdaşları özlərini özəl şirkətlərin və ya beyin mərkəzlərinin nümayəndələri kimi təqdim edərək xarici siyasət və müdafiə analitiki kimi saxta vakansiyalar yerləşdirirlər. Onlar əsasən “LinkedIn”, “Indeed” və “Upwork” kimi məşhur iş axtarışı platformalarından istifadə edirlər. Kəşfiyyat qurumları bildiriblər ki, bu şəxslər namizədləri ictimaiyyət üçün açıqlanmayan məlumatları bölüşməyə sövq etməyə çalışırlar. Xəbərdarlıqda vurğulanıb ki, dövlət sirlərinə və ya məxfi məlumatlara birbaşa və ya dolayı çıxışı olan şəxslər xüsusi risk altındadır.
Sənəddə qeyd olunur ki, hətta namizədlərin məxfi məlumatlara çıxışı olmasa belə, hökumət siyasəti, hərbi strategiyalar və müdafiə imkanları ilə bağlı məlumatlar milli təhlükəsizlik üçün risk yarada bilər. “Five Eyes” alyansının məlumatına əsasən, Çin hərbi kəşfiyyat xidmətləri hökumət və hərbi personalı, eləcə də məxfi və imtiyazlı məlumatlara çıxışı olan şəxsləri hədəfə almaq üçün peşəkar şəbəkə platformaları və onlayn iş saytlarından getdikcə daha geniş şəkildə istifadə edir.