Xarici alimlər Azərbaycanda Səfəvilər dövrünü və köçəri tayfaların tarixini araşdırırlar
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev xüsusi layihə çərçivəsində Azərbaycanda tədqiqatlar aparan ABŞ-nin Tulane
Universitetinin Alman və slavyanşünaslıq kafedrasının dosenti, Harvard Universitetinin müqayisəli ədəbiyyat üzrə fəlsəfə doktoru Elio Brankaforteni və İngiltərənin Oksford Universitetinin Tarix fakültəsinin müxbir üzvü, tarix və antropologiya üzrə arxeoloq İrina Şingirayla görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. F.Quliyev qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin arxeologiya və antropologiya üzrə apardığı son tədqiqatlar, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verib.
Elio Brankaforte Səfəvilər dövründə Azərbaycanda olmuş avropalı səyyahların, xüsusilə Adam Olearinin səfər marşrutları barədə məlumatlar topladığını qeyd edib. İrina Şingiray isə bildirib ki, onun əsas elmi maraq dairəsinə ilk orta əsrlərdə Avrasiyada hunların, xüsusilə də Xəzər tayfa birliklərinin tarixi və arxeologiyası daxildir. Qonaqlar öz maraq dairələrində olan elmi mövzular üzrə birgə tədqiqatların və əməkdaşlığın məhsuldar nəticələr verəcəyinə əminliklərini qeyd ediblər.
Fərhad Quliyev qonaqlar tərəfindən qeyd edilən tədqiqat mövzuları üzrə rəhbərlik etdiyi institut tərəfindən hər bir dəstəyin göstəriləcəyini bildirib. Xüsusi olaraq Azərbaycanda hun, xəzər və suvar tayfalarının arxeologiyası üzrə tədqiqatlara böyük marağın olduğunu vurğulayıb.
Elio Brankaforte və İrina Şingiray Oksford Nizami Gəncəvi Mərkəzinin üzvləridirlər və uzun illər Azərbaycanda tədqiqatlar aparıb, ali məktəblərdə elmi mühazirələrlə çıxış ediblər. Görüşdə, həmçinin Tulane Universitetinin nümayəndəsi Emma Şubert də iştirak edib.