Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH
Bakı, 4 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin “Bakı Enerji Forumu”ndakı çıxışı Azərbaycanın son 30 ildə formalaşdırdığı enerji siyasətinin nəticələrini, mövcud nailiyyətlərini və gələcək strateji istiqamətlərini bir daha nümayiş etdirdi. Çıxışda vurğulanan əsas məqamlar göstərir ki, Azərbaycanın enerji strategiyası yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də ölkənin geosiyasi mövqeyini gücləndirən və beynəlxalq nüfuzunu artıran mühüm dövlət siyasəti alətinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Mədəniyyət Universitetinin dosenti, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elnur İsmayıl deyib.
O bildirib ki, bu uğurların təməli Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulub. Məhz həmin dövrdə həyata keçirilən uzaqgörən enerji strategiyası, xarici investorlar üçün əlverişli mühitin yaradılması və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq ölkənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. “Əsrin müqaviləsi” ilə başlanan proses sonrakı illərdə Azərbaycanın dünya enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev bu strategiyanı dövrün çağırışları ilə məharətlə uzlaşdıraraq yeni uğurlara imza atıb. Son 30 il ərzində Azərbaycan enerji resurslarını iqtisadi modernləşmənin və dövlət quruculuğunun əsas dayaqlarından birinə çevirməyə nail olub. Belə ki, əgər 1990-cı illərdə ölkə xarici sərmayəyə ehtiyac duyan bir dövlət idisə, bu gün Azərbaycan beynəlxalq layihələrə investisiya yatıran, regional və qlobal təşəbbüslərdə iştirak edən investor ölkə statusu qazanıb. Güclü iqtisadiyyatın formalaşması, strateji valyuta ehtiyatlarının artması və infrastruktur layihələrinin həyata keçirilməsi enerji siyasətinin uğurlu nəticələri kimi qiymətləndirilə bilər.
“Prezident İlham Əliyev çıxışında Azərbaycanın zəngin enerji potensialına da xüsusi diqqət çəkib. Doğrudan da neft və qaz ehtiyatları ölkənin enerji sektorunun əsasını təşkil etsə də, son illərdə bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Günəş və külək enerjisi sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın enerji balansının şaxələndirilməsinə, karbon emissiyalarının azaldılmasına və enerji təhlükəsizliyinin daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir. Yaşıl enerji sektoruna xarici investisiyaların cəlb olunması ölkənin enerji keçidi prosesində fəal iştirak etdiyini göstərir.
Bununla yanaşı, Azərbaycanın ənənəvi enerji resursları əsasında həyata keçirdiyi layihələr də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu xüsusda Cənub Qaz Dəhlizinin əsas komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji mənbələrinin şaxələndirilməsində əhəmiyyət daşıyır. Bu layihələr təkcə Azərbaycanın ixrac imkanlarını genişləndirməyib, eyni zamanda, ölkəni Avrasiyanın strateji enerji qovşaqlarından birinə çevirib. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində inkişaf etdirilən nəqliyyat və tranzit marşrutları Azərbaycanın regional logistika və enerji əlaqələndirilməsi sahəsində əhəmiyyətini artırıb”, - deyə Elnur İsmayıl əlavə edib.
Mütəxəssis qeyd edib ki, bütün bu nailiyyətlərin arxasında dayanan əsas amil Azərbaycanın həyata keçirdiyi uğurlu enerji diplomatiyasıdır. Enerji layihələrinin reallaşdırılması müxtəlif dövlətlər, beynəlxalq maliyyə institutları və transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulmasını tələb edib. Azərbaycan bu sahədə balanslaşdırılmış xarici siyasət yürüdərək həm region ölkələri, həm də Avropa və digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırıb.
“Nəticə etibarilə, Prezident İlham Əliyevin “Bakı Enerji Forumu”nda səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız təbii ehtiyatların ixracına əsaslanan model deyil. Bu siyasət iqtisadi inkişafı, enerji təhlükəsizliyini, beynəlxalq əməkdaşlığı, yaşıl enerji keçidini və geosiyasi təsirin artırılmasını özündə birləşdirən kompleks strateji yanaşmadır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qaldırılan enerji strategiyası Azərbaycanın regional lider və etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməkdədir”, - deyə o fikrini yekunlaşdırıb.