Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb
Tbilisi, 4 iyun, AZƏRTAC
Bu gün Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın Gəncə, Mingəçevir, Şirvan və Sumqayıt şəhər icra hakimiyyətlərinin başçıları və birinci müavinləri iştirak edirlər.
İyunun 4-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Bakıdan gələn nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, forumun əsası 2007-ci ildə Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin davamlı inkişafına, tərəqqiyə yönəlmiş gələcəyin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.