Kənd Təsərrüfatı Nazirliyi: Aqrar sahədə subsidiya və regionlaşma mexanizmlərinin təkmilləşdirilməsi davam etdirilir
Bakı, 4 iyun, AZƏRTAC
Kənd təsərrüfatı sektorunda subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə dəstəyinin səmərəliliyinin artırılması və regionlaşma yanaşmasının genişləndirilməsi istiqamətində kompleks islahatlar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Fərid Rəhimli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aqrar sahədə tətbiq edilən dəstək mexanizmləri müasir idarəetmə prinsiplərinə uyğun olaraq yenilənir və daha şəffaf, çevik və nəticəyönümlü modelə keçid təmin olunur.
“Son dövrdə qəbul edilmiş 612 saylı Fərman çərçivəsində subsidiyalaşdırma və kredit mexanizmləri təkmilləşdirilərək yeni yanaşma tətbiq olunur. Bu mexanizm əvvəlki qaydaların optimallaşdırılması ilə yanaşı, Avropa standartlarına uyğun maliyyə dəstəyi alətlərinin tətbiqini də nəzərdə tutur. Aqrar siyasətdə mühüm istiqamətlərdən biri regionlaşma prinsipinin gücləndirilməsidir. Hazırda kənd təsərrüfatı siyasəti iqtisadi rayonlar üzrə formalaşdırılır və bu yanaşma mərhələli şəkildə daha da təkmilləşdirilir. Yeni sistem fermerlərin torpaq resurslarından daha səmərəli istifadəsinə, təsərrüfat planlaşdırmasının dəqiqləşdirilməsinə və dövlət dəstəyinin daha ünvanlı şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Keçid dövründə isə subsidiya şurası tərəfindən regionlaşma prinsipi əsasında müraciətlərə baxılır və zəruri hallarda bölgələr üzrə tənzimləmələr aparılır. Bu yanaşma kənd təsərrüfatında daha çevik idarəetməni təmin edir”, – deyə şöbə müdiri bildirib.
Fərid Rəhimli əlavə edib ki, aqrar sahədə tətbiq olunan islahatlar həm fermerlərin dəstək mexanizmlərinə çıxış imkanlarını genişləndirir, həm də dövlət siyasətinin daha səmərəli icrasına şərait yaradır.