Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib
Kiyev, 4 iyun, AZƏRTAC
Ukrayna-Türk dünyası münasibətləri ilə bağlı layihələrin kuratoru Marına Qonçaruk “Freedom” dövlət telekanalında yayımlanan “Türk fokusu” adlı müəllif proqramında ukraynalı mütəxəssislərin müasir Azərbaycanın inkişaf rəmzlərindən birinə çevrilən Bakının “Flame Towers” (“Alov qüllələri”) kompleksindən bəhs edib.
AZƏRTAC xəbər verir ki, Qonçaruk silsilə proqramların hər bölümündə Ukrayna-Azərbaycan dialoquna və ölkələrimiz arasındakı münasibətlərin az tanınan aspektlərinə diqqət yetirdiyini vurğulayıb.
Verilişdə Ukrayna şirkətlərinin “Alov qüllələri”nin genişmiqyaslı tikintisində iştirak etdiyi diqqətə çatdırılıb. Xüsusilə, qüllələr üçün metal çərçivə Ukraynada - Krivoy Roqdakı metallurgiya zavodunda istehsal olunub. Bu, Ukrayna ilə Azərbaycan arasında sənaye, mühəndislik və memarlıq sahələrində uzunmüddətli əməkdaşlığın bariz nümunələrindən biridir.
Layihənin rəmziliyi ilə bağlı şərh verən Azərbaycan tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundov qeyd edib ki, alov təsviri ölkə tarixində və mədəniyyətində xüsusi yer tutur.
Tədqiqatçı vurğulayıb: “Od həm Azərbaycanın, həm də Bakının rəmzidir və “Alov qüllələri” kompleksi bu tarixi ənənənin ultramüasir təcəssümünü təmsil edir”.
Fuad Axundov, həmçinin Ukrayna və Azərbaycan mühəndisləri, inşaatçıları arasında uzunmüddətli əməkdaşlıq ənənəsini xatırladıb. Onun sözlərinə görə, bu möhtəşəm kompleksin tikintisində Krivoy Roqdan olan mütəxəssislərin iştirakı xüsusi rəmzi əhəmiyyətə malikdir və iki ölkə arasında sıx əlaqələrin daha bir təzahürüdür.