Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir
Xaçmaz, 4 iyun, AZƏRTAC
Xaçmaz rayonunun kənd və qəsəbələrində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər davam etdirilir. Tədbirlər planına əsasən, Keymərəz kəndində dayaqlar dəyişdirilib, SİP kabellər çəkilib və güc transformatorları yenilənib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda şəhərin Sabit Rəhman küçəsində və ətraf ərazilərdə, eləcə də Yeni Həyat qəsəbəsi, Gödəkli, Bayoba, Köhnə Xaçmaz, İdrisoba, Fərzəlioba və Niyazoba kəndlərində elektrik təsərrüfatının yenilənməsi işləri aparılır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizat İdarəsinin nümayəndələri Köhnə Xaçmaz və Niyazoba kəndlərində əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə görülən işlərlə yerində tanış olublar.
Bildirilib ki, cari ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba və Xaspoladoba kəndlərində də elektrik təsərrüfatının yenidən qurulması işlərinin yekunlaşdırılması nəzərdə tutulur.
Kənd sakinləri əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Müxbir - Elxan Yusifli