Qahirədə ölkəmizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub
Qahirə, 4 iyun, AZƏRTAC
Misirdə Azərbaycan səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş təntənəli rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Misirin dövlət və hökumət nümayəndələri, parlament və senat üzvləri, Qalyubiyyə vilayətinin sabiq və hazırkı qubernatorları, Qahirədə fəaliyyət göstərən akademik dairələrin və diplomatik korpusun üzvləri, yerli medianın və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Misir hökuməti tədbirdə gənclər və idman naziri Cövhər Nəbil ilə təmsil olunub.
Rəsmi qəbul Azərbaycanın və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Səfir Elxan Poluxov bildirib ki, 28 may tarixi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin və milli azadlıq ideallarının təntənəsi kimi tariximizdə xüsusi yer tutur. Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı mürəkkəb geosiyasi və daxili çağırışlara baxmayaraq, suverenlik və inkişaf yolunda qətiyyətlə irəliləyərək güclü dövlət quruculuğunu davam etdirib.
Səfir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən də danışıb. Çıxışda, həmçinin diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan bu gün regionun təhlükəsizlik, sabitlik və inkişaf baxımından nümunəvi ölkələrindən birinə çevrilib.
Səfir Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb.
Misirin gənclər və idman naziri Cövhər Nəbil bildirib ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə və konstruktiv əməkdaşlığa əsaslanan nümunəvi tərəfdaşlıq modeli kimi qiymətləndirilir. Son illərdə iki dost ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafında irəliləyiş müşahidə olunub.
Diqqətə çatdırılıb ki, Misir və Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsi qarşılıqlı etimadın güclənməsinə, həmçinin regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin təşviqinə mühüm töhfə verir.