SİYASƏT
Sahib Alıyev: Makronun əyləşdiyi Yelisey sarayı ksenofobiya, islamofobiya yuvasıdır
![Sahib Alıyev: Makronun əyləşdiyi Yelisey sarayı ksenofobiya, islamofobiya yuvasıdır](/files/2023/3/1200x630/17035844304472915362_1200x630.jpg)
Bakı, 26 dekabr, AZƏRTAC
Mən sosial şəbəkədə arada gənclərimizin sevgi şəhəri adlandıraraq irticaçı Parisdən fotolar paylaşdıqlarını görürəm. Ancaq istərdim bilsinlər ki, Avropada Parisə sevgi şəhəri deyəndə tamam başqa şeylər nəzərdə tutulurdu. Söhbət o Parisdən gedir ki, 1945-ci ildə oradakılar öz qadınlarının başlarını qırxmaqla namuslarını yuduqlarını, Hitler Almaniyasından qisas aldıqlarını deyirdilər. Belə qadınların sayı yüz mini ötürdü.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev parlamentin dekabrın 26-da keçirilən iclasında səsləndirib.
Deputatın sözlərinə görə, aparılan quruculuq işləri hələ başlanğıc mərhələsində olsa da, Ağdam Qərbin öndə gedən dövlətlərindəki əyalət mərkəzlərindən nə gözəllik, nə infrastruktur, nə də funksionallıq baxımından geri qalmayacaq.
“Fransadakıların bizə düşmən kəsilməsi bir yana, görün nə qədər cılızdırlar ki, Evian Lö Ben şəhərindəki “Azərbaycan” bağının adını ləğv etmələri azmış kimi Xurşidbanu Natəvanın heykəlini hədəfə götürüblər. Fransa deyəsən yenidən öz qaranlıq və sözün hər anlamında üfunətli keçmişinə dönməklə yanaşı, Xan qızının qəbrini dağıdan Ermənistanla eyni dalğada olduğunu, böyük “bacı”lığını bunda da göstərir”, - deyə Sahib Alıyev vurğulayıb.
XI əsrdə səlibçiliyin təzə baş qaldırdığı dövrlərdə Fransa Kralı birinci Anrinin xanımı Anna Kiyevskayanın atası Yaroslav Mudrıya göndərdiyi məktubu xatırladan Milli Məclisin deputat bildirib ki, həmin məktubda qeyd edilirdi ki, Kralın üfunət iyi verən sarayında oxumağa nə bir kitab var, nə də musiqi alətlərində ifa edə biləcək adam. Kral özü isə savadı olmadığından imza əvəzinə sadəcə xaç şəkili çəkib.
S.Alıyev vurğulayıb ki, Prezident Makron yazıb-oxumağı bacarsa da, amma bir sıra hərəkətləri ilə Kral Anridən elə də çox fərqlənmədiyini ortaya qoyur. Onun əyləşdiyi Yelisey sarayı isə yenə üfunət iyi verir, oradakı kabinetlərdən ksenofobiya, islamofobiya qoxusu gəlir. Küçələrində siçovullar dolaşan, seqraqasiya prinsipi əsasında kvartallara bölünən Paris də bütövlükdə onun kimi iy-qoxu içindədir.