Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti yanvarın 28-də Əlcəzair Xalq Demokratik Respublikasına səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etmək məqsədi daşıyır.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlardan Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Jalə Əliyeva, Tahir Kərimli, Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.