Sahibkarlar Konfederasiyasının “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası olub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası keçirilib.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, iclasda koronavirus pandemiyasından zərərçəkmiş tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.
“Tikinti müəssisələri ilə İş Komissiyası”nın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib.
Sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əməkhaqqlarının ödənilməsi məsələsini müzakirə ediblər.
ASK-nın vitse-prezidenti Vüqar Abbasov tikinti sektorunun iqtisadiyyatda lokomativ rolu oynadığını və arxasınca çox sahələri apardığını deyib. Bu sektorun dayanmaması üçün kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini vurğulayıb.
V.Abbasov vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsi, kredit güzəştləri verilməsini təklif edib.
Sonra ASK-nın hüquqşünası Xəqan Hümmətzadə icarə haqları və digər məsələlərlə bağlı sahibkarların suallarını cavablandırıb. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.