REGİONLAR
Sahibsiz heyvanların peyvəndlənməsi və birkalanması aksiyası hər il davam etdiriləcək VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Sahibsiz heyvanların peyvəndlənməsi və birkalanması ilə bağlı aksiyaya iki ildir hazırlaşırdıq, müqavilələr bağlanılırdı. Almaniyanın Heyvan Rifahının Mühafizəsi təşkilatı tərəfindən və Bridjit Bordo Fondunun maliyyə dəstəyi ilə 15 nəfərdən ibarət veterinar həkim, anestezioloq qrupu Bakıya gəlib.
Oktyabrın 21-dən noyabrın 1-dək dörd gün Bakıda, sonra sığınacaqlarda və oktyabrın 26-da isə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsində bu aksiyanı həyata keçirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova jurnalistlərə müsahibəsində söyləyib.
Bildirib ki, aksiya çərçivəsində ölkə üzrə 1500 it, 500-dən çox sahibli və sahibsiz pişiyin qısırlaşdırılması, sahibsiz itlərin qulaq birkalarının vurulması və quduzluq əleyhinə peyvəndinin edilməsi nəzərdə tutulub: “Aksiyanın əsas şərtlərindən biri də ölkəmizin baytar həkimlərinə və baytarlıq fakültəsinin tələbələrinə prosesi əyani şəkildə göstərməklə müasir üsulla qısırlaşdırmanı həyata keçirməkdi. Aksiyanın mütəmadi olaraq hər il davam etdirilməsi nəzərdə tutulub. Ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi təsis edilib və hər il birlik də qısırlaşdırma işləri üzrə aksiya keçirir. Artıq biz də 2023-cü ilin yanvarından IDEA ilə birgə bu aksiyaya qoşulmuşuq. Ay ərzində 50-100 sayda itin qısırlaşdırılması icra olunurdu. Hazırda 15 nəfərdən ibarət qrupun köməyi ilə 1000-1500 iti 10 gün ərzində qısırlaşdırıb aksiyanı başa çatdıracağıq”.