ŞAİRİN ÖLMƏZ XATİRƏSİ
Öz zəngin daxili aləmi və istedadı ilə Azərbaycanın mədəniyyət xəzinəsinə misilsiz töhfələr vermiş insanları sonrakı nəsillər xatırladıqca, xalqımızın mənəviyyatı heç vaxt zənginliyini itirməyəcəkdir. “Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 27 avqust tarixli Sərəncamının böyük hörmət və minnətdarlıq hissi ilə qəbul olunması faktı bunu bir daha təsdiq edir.
Azərbaycan ziyalılarının çox gözəl nümayəndəsi, şair, dramaturq və ictimai xadim Səməd Hacıəhməd oğlu Kazımov (Səməd Mənsur) 1879-cu ildə Bakıda doğulmuşdur. Çox oxumuş, müstəqil təhsil almışdır. Satirik və lirik şeirləri ilə mətbuatda çıxış etməyə başlamış, o vaxt nəşr olunan populyar jurnallarda əməkdaşlıq etmişdir. Məsələn, böyük ədib Cəlil Məmmədquluzadənin təsis etdiyi və dəyişməz redaktoru olduğu, o dövrdə təkcə Qafqazda deyil, eləcə də Rusiya, Orta Asiya, İran və digər ölkələrdə böyük şöhrət qazanmış ən mütərəqqi və aktual nəşrlərdən biri sayılan “Molla Nəsrəddin” jurnalında məşhur müasirləri - Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əli Nəzmi və başqaları ilə birgə çalışmışdır. O, teatr cəmiyyətinin fəal üzvü idi və pyeslər yazırdı.
Səməd Mənsur 1927-ci ildə Bakıda vəfat etmişdir. Sonralar onun yaradıcılıq irsi, demək olar itmiş, sovet dövründə isə bircə şeiri də dərc olunmamışdır. Yalnız ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərinin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları şairin bu gün xalqına qaytarılmış həyatı və yaradıcılığı haqqında materialları zərrə-zərrə toplamağa başlamışdılar.
######
