ŞAİRLƏR MƏQBƏRƏSİNİ ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Təbrizdə Şairlər məqbərəsini ziyarət etmişdir.
Dövlətimizin başçısı burada dəfn olunmuş ədiblərin xatirəsini ehtiramla andı, müasir Azərbaycan və fars ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Məhəmmədhüseyn Şəhriyarın məzarı üzərinə gül dəstəsi qoydu.
Şərqi Azərbaycan əyalətinin incəsənət və mədəniyyət idarəsinin müdiri Rəsul Bəşiri dövlətimizin başçısına məlumat verərək dedi ki, İran ədəbiyyatının 400-dən çox nümayəndəsi buradakı qəbiristanda dəfn olunubdur. Onların hamısı təbrizli deyil, İranın müxtəlif şəhərlərindən Təbrizə gələnlər də burada şöhrət qazanaraq ömürlərini başa vurmuşlar. Məhəmmədhüseyn Şəhriyar isə məqbərədə sonuncu dəfn olunan şairdir. Onun əsərləri müxtəlif dillərdə çap olunmuşdur. İran Prezidenti Xatəminin Fərmanına əsasən, məqbərə daha gözəl formada yenidən tikiləcək və onun ətrafında ədəbiyyat muzeyi və ədəbiyyat kitabxanası yaradılacaqdır.
Prezident İlham Əliyev məqbərənin xatirə kitabına ürək sözlərini yazdı:
“Şairlər məqbərəsini ziyarət etdim. Dahi Şəhriyarın qəbrini ziyarət etdim. Şəhriyarın ölməz əsərləri və əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
26 yanvar 2005-ci il”.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün axşam Bakıya qayıtdı.