CƏMİYYƏT
Salyan polisi narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərində şəxsi axtarış aparılan zaman 9 qrama yaxın heroin götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində, narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin və 11 qaram metamfetamin aşkarlanıb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kəndi sakini Mənsum Əzimov tutulub. Onun yaşadığı evin yardımçı otağına baxış zamanı 4 kiloqramdan çox qurudulmuş marixuana aşkarlanıb. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.