Salyanda koronavirusa qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb
Salyan, 10 fevral, Mahir Babayev, AZƏRTAC
Salyan rayonunda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb. Bu mərhələdə yaşı 65 və ondan yuxarı olan, həmçinin son bir ildə COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşların peyvəndi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, vaksinasiyanı müvəffəqiyyətlə başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanasında yaradılan peyvənd otaqlarında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təlimatına uyğun bütün zəruri şərait yaradılıb. Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə qeydiyyat prosesi onlayn qaydada keçirilir. Onlayn qeydiyyatdan keçməyən vətəndaşlar isə birbaşa rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinə müraciət edirlər. Bundan əlavə, rayonun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların razılığı olduğu halda onların onlayn qeydiyyatdan keçməsinə kömək göstərilir.