Salyanda qısa müddətdə 15 mindən çox sakin tibbi müayinədən keçib
Salyan, 28 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir. Fevralın 12-dən bu günə kimi 15 min 893 nəfər rayon sakini tibbi müayinədən keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 74 min 827 nəfəri əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, mərkəzi xəstəxananın, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb ediliblər. Artıq iki yaşayış məntəqəsində müayinələr başa çatdırılıb. Hazırda bir şəhər və səkkiz kənddə müayinələr davam edir.
Müayinələr zamanı xəstəlik aşkarlanan 1102 nəfər ambulator, 25 nəfər stasionar müalicəyə cəlb olunub. Üç nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 17 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.