ŞAMAXI ŞƏHƏRİNİN SU TƏCHİZATINA 2 MİLYARD MANATADƏK VƏSAİT SƏRF OLUNACAQDIR
Şamaxı su və kanalizasiya şəbəkə və qurğularının istismarı sahəsinin rəisi Ələddin Musayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihəyə əsasən, Pirsaat çayı hövzəsindəki nasos stansiyası yenidən qurulacaq, burada əlavə 500 kubmetr su tutumu olan anbar tikiləcəkdir. Habelə, Göyzəmi sahəsindəki 19 və Həmidbəyli ərazisindəki 9 drenaj quyusu təmir ediləcək, Həmidbəylidə əlavə 9 drenaj quyusu tikiləcəkdir. Bütün bunlar stansiyaya gündə 5 min kubmetr su verilməsinə imkan yaradacaq ki, nəticədə şəhərin su təchizatı bütünlüklə təmin olunacaq.
Layihəyə əsasən, nasos stansiyasından şəhərə 400 millimetrlik borularla 10 kilometr uzunluğunda yeni su kəməri çəkiləcək, mövcud 600 kubmetrlik iki anbar təmir ediləcəkdir.