Şamaxıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kütləvi tədbirlərlə qeyd olunub
Şamaxı, 31 mart, AZƏRTAC
Şamaxıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri soyqırımı abidəsinin qarşısına gələrək qətlə yetirilən insanların xatirəsini yad ediblər.
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə soyqırımını əks etdirən rəsm sərgisinə baxıblar. Burada ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlar barədə geniş məlumat verilib. Vurğulanıb ki, iki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyası genişdir. Təkcə 1918-ci ilin mart və aprel aylarında Bakıda, Şamaxıda, Lənkəranda, Qubada, Muğanda və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlı qətlə yetirilib, evləri talan edilərək yurd-yuvasından didərgin salınıb.
Bu baxımdan Şamaxıda törədilən soyqırımı xüsusilə yada salınmalıdır. Təşkil olunan Fövqəladə Təhqiqat Komissiyanın apardığı və yarımçıq qalan istintaq materiallarına əsasən, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilib ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Həmin vaxt təkcə Şamaxı şəhərində 7 mindən çox dinc əhali qətlə yetirilib. Qeyd edək ki, ermənilər tərəfindən insanlığa sığmayan hərəkətlərlə qətlə yetirilənlər arasında əsasən Şamaxının ziyalılarının, ağsaqqallarının və din xadimlərinin olması təsadüfi deyildi. Onlar bilərəkdən Şamaxının 22 nəfər nüfuzlu sakininin, o cümlədən məşhur Axund Səfərqulunun, şəhər hakimi Teymurbəy Xudaverdiyevin, Dövlət Dumasının deputatı Məmməd Əliyevin və digərlərinin qətllərinə rəvac verməklə, əslində əhali arasında vahimə yaratmağa və birinci növbədə sayılıb-seçilən şəxsləri aradan götürməyə nail olublar. 1918-ci ilin mart-aprel aylarında insan itkisi ilə yanaşı, Şamaxı qəzasına ciddi maddi ziyan da dəyib. Şəhərdə 13 məscid, o cümlədən Cümə məscidi yandırılıb. Tarixi məlumatlara görə, ən böyük qırğın da məhz günahsız insanların pənah gətirdikləri Cümə məscidində baş verib. Bu məsciddə təxminən 1500 nəfər insan diri-diri yandırılıb. Habelə törədilən soyqırımı nəticəsində rayonun Əngəxaran kəndində 237 nəfər, Bağırlı kəndində 370 nəfər, Quşçu kəndində 192 nəfər azərbaycanlı xüsusi amansızlıqlarla qətlə yetirilib. Şamaxıda günahsız öldürülənlərin əsas cəlladları 31 nəfər erməni, o cümlədən Stepan Lalayan, Tatevos Əmiryan, Qavri Karoğlanyan, Mixail Arzumanov, Karapet Karamanov və başqaları olublar.
Məlum olduğu kimi, keçən əsrin sonlarında yaranan fürsətdən bəhrələnən ermənilər ölkəmizdə yenidən soyqırımı törədərək, torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bildirilib ki, ermənilərin xalqımızın başına gətirdiyi bəlalar bilərəkdən beynəlxalq ictimaiyyətdən, hətta özümüzdən belə gizlədilib. Yalnız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin törətdikləri soyqırımları olduğu kimi xalqımıza, eləcə də bütün dünyaya çatdırılıb. Bu baxımdan Ümummilli Liderin 1997-ci il tarixli “1948-53-cü illərdə Azərbaycanın Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” və 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlarını xatırlamaq yerinə düşər. Məhz sonuncu Fərmana uyğun olaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Sonda 1918-ci ildə Şamaxıda törədilən qanlı hadisələrdən bəhs edən sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.