İQTİSADİYYAT
Şamaxıda sakinlərin təbii qaz təchizatı ilə bağlı problemləri dinlənilib
Bakı, 8 iyun, AZƏRTAC
Veteran atası olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə fərdi yaşayış evimin qazlaşdırılması ilə bağlı müraciət etmişdim. Bu gün mən bura məhz təşəkkür etmək üçün gəlmişəm ki, qısa müddət ərzində onun göstərişi ilə mənim evim mavi yanacaqla təmin olundu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlcək kənd sakini Heydər Nağıyev rayonda vətəndaşlarla keçirilən görüşdə bildirib. Vətəndaşların qaz təchizatı ilə bağlı problemlərinin yerindəcə dinlənilməsinə, araşdırılması üçün nəzarətə götürülməsinə xidmət edən “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20-dək vətəndaşın müraciəti dinlənilib. Sakinlər görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Ünvanlanan hər bir müraciət Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli və Ağsu Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyi tərəfindən cavablandırılıb, lazımi izahatlar verilib. Bəzi müraciətlərin araşdırılması üçün vətəndaşlar Regional İdarəyə dəvət olunublar.
Qeyd edək ki, Ağsu RQİİ-nin tabeliyində olan xidmət sahələrində növbəti görüşlər iyunun 9-da Ucar, iyunun 10-da isə İsmayıllı rayonunda baş tutacaq.