ŞAMAXIDA TURİZM İNFORMASİYA MƏRKƏZİNİN NÜMAYƏNDƏLİYİ AÇILIR
Azərbaycan Prezidentinin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq respublikamızın turizm potensialı yüksək olan 7 bölgəsində turizm informasiya mərkəzinin nümayəndəliklərinin açılması istiqamətində real tədbirlər görülür. Belə nümayəndəliklərdən biri də tarixi abidələri, flora və faunası ilə zəngin olan qədim Şamaxı şəhərində yaradılır.
Şamaxı rayon gənclər, idman və turizm idarəsinin rəisi Şahmar Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu məqsədlə şəhərdə VIII əsr abidəsi olan Cümə məscidinin yaxınlığında 100 kvadratmetr ərazisi olan bina ayrılmışdır. Tikili yenidən bərpa olunacaq, nəzərdə tutulmuş üç otaqda nümayəndəliyin normal fəaliyyəti üçün hər cür şərait yaradılacaqdır.