Şamaxıda “Uğurlu gələcək sizinlə gələcək” adlı onlayn tədbir keçirilib
Şamaxı, 29 may, AZƏRTAC
Şamaxıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uğurlu gələcək sizinlə gələcək” adlı onlayn tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbir gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam, savadlı böyümələrinə xidmət göstərmək, onlara sevinc və təbəssüm bəxş etmək məqsədilə təşkil edilib.
Tədbirdə Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, uşaq yazıçısı, pedaqoq Reyhan Yusifqızı, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova, şəhər 3 saylı tam orta məktəbin direktoru Gülnisə Ələkbərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayon üzrə nümayəndəsi Rəfail Tağızadə, rayon mərkəzi kitabxananın direktoru Ərəsdun Xələfov, uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova və başqaları çıxış edərək, Azərbaycanda uşaqlara göstərilən qayğı və diqqətdən söhbət açıblar. Tədbir çərçivəsində iştirakçılar Reyhan Yusifqızı ilə maraqlı diskussiyada da iştirak ediblər.
Onlayn tədbirdə uşaqların ifasında şeirlər, mahnılar səsləndirilib, balaca fidanların rəsmləri nümayiş olunub.