İQTİSADİYYAT
Şamaxının ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenidən qurulub
Bakı, 25 may, AZƏRTAC
Şamaxının Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenilənib.
Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 kilometrə yaxın 10 kV-luq, 1 kilometrdən çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 kilometrə yaxın 10 kV-luq, 5 kilometrdən çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz edilib.
Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.