Samir Vəliyev: Bərpa olunan enerjinin 2030-cu ilə qədər 30 faizədək artırılması planlaşdırılır
Bakı, 22 noyabr, AZƏRTAC
Bərpa olunan enerjinin 2030-cu ilə qədər 30 faizədək artırılması planlaşdırılır. 2027-ci ilin sonunadək 1870 MVt həcmində "yaşıl güc"lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payını qoyduğumuz hədəfdən, yəni 30 faizdən 33 faizədək çatması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda keçirilən SPECA 2023 iqtisadi forumunda deyib.
O qeyd edib ki, Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1688 MVt-dır ki, bu da ümumi gücün təqribən 20 faizini təşkil edir. Nazir müavini onu da əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır.
“Belə ki, Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb”, - deyə Samir Vəliyev vurğulayıb.