Samir Xalıqov: Bəyannamələrin öncədən doldurulması mikrosahibkarları da əhatə edəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Dövlət Vergi Xidməti rəqəmsallaşmanı yalnız nəzarət aləti kimi deyil, vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi və məmnunluğun artırılması baxımından qiymətləndirir. Əsas prinsipimiz dövlətin əldə etdiyi məlumatı təkrar sahibkardan tələb etməmək, vergi ödənişlərinin ödənilməsində mümkün sadələşməni həyata keçirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Xalıqov “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.
O bildirib ki, bu istiqamətdə əsas prioritetlərdən biri bəyannamələrin öncədən doldurulması, yəni prefillinq mexanizmidir: “Sadələşdirilmiş vergi üzrə tətbiq olunan bu yanaşma yaxın illərdə artıq mikroiş adamları üçün də istifadəyə nəzərdə tutulur. Rəqəmsal vergi inzibatçılığının mühüm istiqamətlərindən biri də dövlət qurumları arasında məlumat mübadiləsi, informasiya sistemlərinin inteqrasiyalarının genişləndirilməsidir. Hal-hazırda Dövlət Vergi Xidməti 35 dövlət qurumuna məlumat təqdim edir, 42 dövlət qurumundan isə məlumat əldə edir”.
Qeyd olunub ki, bu inteqrasiyaların əsas məqsədi dövlət qurumlarının malik olduğu məlumatları qarşılıqlı şəkildə istifadə etməklə xidmətlərin operativliyini və keyfiyyətini artırmaq, qurumlararası koordinasiyanı genişləndirməkdir.
Videooperator - Ələkbər Baxşiyev