İş adamlarına yaradılan münbit şəraitdən bəhrələnən Nəsir və Hüsaməddin Nəzərov qardaşları böyüyüb boya-başa çatdıqları Samux rayonunda istehsal-xidmət şəbəkəsi yaratmaqla xeyli yeni iş yeri açmışlar. Bu günlərdə şəbəkəyə daxil olan asfalt zavodunun açılış mərasimi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, İqtisadi İnkişaf Nazirliyi yerli şöbəsinin əməkdaşı Qalib Aslanov, ağsaqqal Əvəz Babayev və “Samir” məhdud məsuliyyətli cəmiyyətin prezidenti Nəsir Nəzərov çıxış edərək iş adamlarına sağlam fəaliyyət şəraiti yaradıldığı üçün ölkəmizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Natiqlər qeyd etmişlər ki, belə bir istehsal-xidmət kompleksinin yaradılması rayonda aparılan abadlıq-quruculuq işlərinin sürətlənməsinə və fərdi təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlərin həllində müsbət rol oynayacaqdır.
Açılış mərasimindən sonra cəmiyyətin prezidenti N.Nəzərov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, yaxın günlərdə kompleksin qum-çınqıl və dəmir-beton sexləri də işə salınacaqdır. Müəssisəyə lazımi qədər asfaltsalan texnika və yükünü özüboşaldan avtomaşınlar da alınmışdır ki, bu da sifarişlərin kompleks şəkildə yerinə yetirilməsinə imkan verəcəkdir. Bundan başqa kompleksdə istehsal sahələri ilə yanaşı, işçilərə məişət və ictimai iaşə xidmətləri göstərəcək binaların tikintisinə də başlanılmışdır.