Samuxda əkin sahələrinin su təminatı yaxşılaşdırılır
Samux, 28 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda təsərrüfatdaxili və təsərrüfatlararası kanallarda suvarma suyunun təhlükəsiz və dayanıqlı şəkildə ötürülməsinin təmin edilməsi məqsədilə bir sıra işlər görülür.
Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun 29462 hektar suvarılan əkin, 13000 hektar qış otlaqları sahəsinə su təminatı üçün xidmət aparılır. Qış mövsümünə hazırlıqla bağlı maşın mexanizmlər vasitəsilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər həyata keçirilir. Boru xətlərinin, hidrotexniki qurğuların təmiri, betonlanma işləri görülür. Bağmanlar kəndi ərazisindən keçən, idarənin balansında yerləşən Dərin arx kanalına 600 metr beton üzlük vurulub. Qarasaqqal kanalı və Qarayeri təsərrüfatdaxili kanalının 1,2 kilometr, Əhmədbəyli arxının 2,3 kilometr hissəsinin beton üzlüyə alınması üçün layihə-smeta sənədlərinin hazırlanması işləri aparılıb. Qarayeri təsərrüfatdaxili kanalında işlər bu il aparılacaq.
Sel və daşqın hadisələrinə qarşı Gəncə, Qoşqar və Qabırrı çaylarında 56 min kubmetr sahədə sahilbərkitmə işləri görülüb. Kəndlərdə təsərrüfatdaxili və təsərrüfatlararası kanallarda lildən təmizləmə işləri davam etdirilir.
Bildirilib ki, rayon ərazisində əkin sahələrinin suvarılması növbəlilik qrafikinə əsasən aparılır. 11000 hektar taxıl bitkisinin əkilməsi nəzərdə tutulan sahələrdə torpaqların şumlanmasına başlanılıb. Selə və daşqına qarşı çaylarda və kanallarda, o cümlədən Qabırrı çayında dambalar qurulub.
Bundan başqa, İdarənin balansında olan 605 subartezian quyusundan 323-ündə cari təmir işləri aparılıb. İstismara yararsız subartezian quyularından 14-ü əsaslı təmirə verilib, hazırda 8-ində qazma işləri başa çatdırılıb. Seyidlər nasos stansiyası bərpa olunub ki, bu da Seyidlər və Qədili kəndlərində 180 hektar əkin sahələrinin suvarılmasını təmin edəcək.
Qabırrı və Kürqırağı kəndlərdə yerləşən 8 ədəd modul tipli qurğu daim nəzarətdə saxlanılır. Bu da əhalinin içməli suya olan tələbatını ödəyir.