Nazir müavini: Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir
Bakı, 4 iyun, AZƏRTAC
Yeni Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması, xüsusilə meyvə və tərəvəz məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, proqram çərçivəsində ixracyönümlü istehsalın genişləndirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər nəzərdə tutulub.
“Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir. Bu məqsədlə yeni bağların və intensiv əkin sahələrinin yaradılması, məhsul istehsalı həcmlərinin artırılması və ixracyönümlü təsərrüfatların inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək. İxrac coğrafiyasının genişləndirilməsi üçün məhsulların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu ildən etibarən sertifikatlaşdırma prosesinin dəstəklənməsi məqsədilə yeni subsidiya mexanizmi tətbiq olunur. Yerli istehsalçıların xarici bazarlara çıxışını məhdudlaşdıran əsas amillərdən biri beynəlxalq sertifikatların əldə olunması ilə bağlı xərclərdir. Bir çox ölkələrdə məhsulların idxalı üçün GlobalG.A.P., üzvi (orqanik) və digər beynəlxalq standartlara uyğunluq tələb edilir. sertifikatlaşdırma dəstəyinin tətbiqi nəticəsində beynəlxalq standartlara uyğun istehsal edən təsərrüfatların sayı artacaq və bu da Azərbaycan məhsullarının yeni bazarlara çıxışını asanlaşdıracaq. Bu istiqamətdə görülən tədbirlər Avropa ölkələrinə meyvə-tərəvəz ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq. Məqsədimiz yerli məhsulların daha çox sayda beynəlxalq bazarda təmsil olunmasını təmin etməkdir”, – deyə Zaur Əliyev bildirib.
O qeyd edib ki, Çin bazarı da Azərbaycan aqrar məhsulları üçün böyük potensiala malik istiqamətlərdən biridir: “Çin dünyanın ən böyük istehlak bazarlarından biridir və Azərbaycan məhsullarının bu bazarda mövqeyinin gücləndirilməsi üçün işlər aparılır. Bu istiqamətdə logistika imkanlarının genişləndirilməsi, ticarət kanallarının inkişaf etdirilməsi və ixrac prosedurlarının sadələşdirilməsi üzrə aidiyyəti qurumlarla birgə fəaliyyət həyata keçirilir. İxracın şaxələndirilməsi, yeni bazarlara çıxışın təmin edilməsi və beynəlxalq standartlara uyğun istehsalın təşviqi aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına və ölkənin qeyri-neft ixracının genişlənməsinə mühüm töhfə verəcək”.