Samuxda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Samux, 12 iyun, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Mübariz Qurbanlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, siyasi səriştəsi, nümayiş etdirdiyi qətiyyət Azərbaycanı xaosdan xilas edib, siyasi çəkişmələrə son qoyulub. İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaranıb ki, bu da özlüyündə Azərbaycanın müstəqil, demokratik, dünyəvi, bəşəri dövlət kimi inkişafına səbəb olub.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxs rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edilib.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.