Sankt-Peterburqda IV Peterburq Beynəlxalq Hüquq Forumu keçirilir
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 18-də Sankt-Peterburqda IV Peterburq Beynəlxalq Hüquq Forumu açılmışdır. Tədbir iyunun 21-dək davam edəcəkdir.
2011-ci ildən başlayaraq hər il keçirilən bu forumun işində Rusiyanın və xarici dövlətlərin ali vəzifəli şəxsləri, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər sahəsində aparıcı ekspertlər, dünyanın ən iri şirkətlərinin hüquq bölmələrinin rəhbərləri, beynəlxalq hüquq birliyinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, builki forumda 79 ölkədən təxminən 3000 nümayəndə iştirak edir.
IV Peterburq Beynəlxalq Hüquq Forumunun işgüzar proqramının ən maraqlı seksiyalarından biri “Məhkəmə və arbitraj praktikası” trekidir. Altı diskussiya sessiyasını birləşdirən bu trek çərçivəsində “Məhkəmə-ekspert fəaliyyətində səriştəlilik və sertifikatlaşdırma: beynəlxalq yanaşmalar” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov “Dəyirmi masa”da çıxış etmişdir. O, məhkəmə-ekspert fəaliyyəti subyektlərinin səriştəliliyinin yoxlanması mövzusunu hərtərəfli açıqlayaraq qeyd etmişdir ki, məhkəmə ekspertizasının keyfiyyətinin təmin edilməsi üçün ən yaxşı beynəlxalq praktikaları birləşdirmək zərurəti ilə əlaqədar, bu mövzu xüsusi aktuallıq kəsb edir. F.Cavadov Azərbaycanın Avropa məhkəmə-ekspert müəssisələri şəbəkəsinə daxil olduğunu bildirərək ki, bu faktı Azərbaycanın xarici ölkələrlə bu sahədə beynəlxalq münasibətlərinin inkişafının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmişdir.
Xatırladaq ki, 2011-ci ildən başlayaraq hər il keçirilən Peterburq Beynəlxalq Hüquq Forumu dövlət hakimiyyəti, biznes, ədliyyə və məhkəmə birliklərinin nümayəndələrinin, dünyanın aparıcı iqtisadçı alimlərinin dialoqu üçün münasib məkana çevrilmişdir.