DÜNYA
Şarl Mişel Rusiya aktivlərinin istifadə imkanlarının müzakirəsini təklif edib
![Şarl Mişel Rusiya aktivlərinin istifadə imkanlarının müzakirəsini təklif edib](/files/2023/3/1200x630/16982365704416520576_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin oktyabrın 26-27-də baş tutacaq sammiti çərçivəsində Rusiyanın müsadirə edilən aktivlərinin istifadəsi və Ukraynaya tədarüklərin artırılması imkanlarının müzakirəsini təklif edib.
AZƏRTAC xəbər verir ki, bu təklif Aİ liderlərinə ünvanlanan dəvətnamədə yer alıb.
“Ukraynaya dəstəyimizi lazım olduğu qədər davam etdirəcəyik. Həmin dəstəyin müxtəlif aspektləri arasında hərbi yardımın sürətlənməsi və Rusiyanın aktivlərinin istifadə olunması planlarının reallaşması yollarının müzakirə edilməsini istərdim”, - dəvətnamədə Şarl Mişelin bu sözləri qeyd olunub.
Sənəddə, həmçinin görüşün əsas mövzusunun HƏMAS-İsrail münaqişəsi olacağı bildirilir. Şarl Mişel İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını, lakin Qəzza sektorunda humanitar vəziyyətin hər gün daha da ağırlaşdığını və Avropa İttifaqının narahatlığına səbəb olduğunu vurğulayıb.
Bir müddət öncə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədr müavini Svetlana Jurova Avropa İttifaqının Ukraynanı müsadirə edilən Rusiya aktivləri ilə maliyyələşdirməyə çalışacağı təqdirdə Moskvanın Aİ-ni beynəlxalq məhkəməyə verəcəyi ilə hədələyib.