SİYASƏT
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
![Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək](/files/2019/3/1200x630/15713243644813117943_1200x630.jpg)
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də YAP Səbail Rayon Gənclər Birliyinin təşəbbüsü ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Qarabağ Azərbaycandır!” hərəkatı çərçivəsində gənclərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, Səbail gəncləri Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərimizin məzarlarını ziyarət edib, Azərbaycanın qəhrəman oğul və qızlarının əziz xatirəsini ehtiramla anıblar.
Gənclər bildiriblər ki, dövlətimizin başçısı İlham Əliyevin dünya ictimaiyyətinin önündə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün xalqımızı, Azərbaycan gənclərini bir ideya ətrafında birləşdirən yeni bir milli birlik, milli həmrəylik hərəkatının başlanğıcı oldu. Çünki Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyəti qarşısında cəsarətlə bəyan edən, Azərbaycan xalqının illərdir davam edən Qarabağ acısının və dərdinin ən yüksək beynəlxalq tribunalarda carçısı olan, erməni yalanlarını hər bir platformada ifşa edərək işğalçı Ermənistanın iç üzünü hər kəsə göstərən güclü Liderdir.
Qeyd olunub ki, bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan gənci “Qarabağ Azərbaycandır!” şüarı altında birləşərək, milli mübarizəmizə öz töhfəsini verir. Səbail gəncləri də dövlətimizin başçısının cəsarətli, müstəqil siyasətini dəstəkləyir, Prezidentimizlə fəxr edir və Ali Baş Komandanımızın hər bir əmrinə hazırdırlar.