Sədaqət Vəliyeva: Azərbaycan Ordusu artıq üç dəfə düşmən üzərində qələbə qazanıb
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Ordusu artıq üç dəfə düşmən üzərində şanlı qələbə qazanıb. 2016-cı il Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alınıb. Uzun illərdir düşmən nəzarətində olan Lələtəpənin ələ keçirilməsi birinci, 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı, ümumi olaraq, on bir min hektarlıq ərazinin azad olunması, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaranması ikinci, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşının qətiyyətlə alınması üçüncü qələbə kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, iyulun 12-də təxribat törətmiş erməni silahlı qüvvələrinə ağır zərbə vuran Azərbaycan Silahlı Qüvvələri tərəfindən intiqam alınıb, həlak olmuş hərbçilərimizin qanı yerdə qalmayıb: “Düşmənin onlarla hərbçisi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilib. O cümlədən onların postu və bütün infrastrukturu yox edilib. Düşmənə elə bir zərbə endirilib ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqdır. Onların ölənlərin və yaralananların sayını açıqlamaması, dezinformasiya ilə medianı məşğul etməsi, sərhədyanı kəndlərin boşaldılmağa başlanması bu ağır nəticənin əyani sübutlarıdır. Ona görə də əminliklə demək olar ki, son günlər ərzində baş vermiş hərbi toqquşma Azərbaycanın növbəti şanlı qələbəsidir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradıb, xalqımızı coşdurub: “Hər kəs artıq bilir ki, iyul ayının 14-də respublikamızın əksəriyyət bölgələrində zəfər, birlik yürüşləri keçirildi və ən böyük yürüş-aksiya Bakıda baş tutdu. Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Burada orduya və Ali Baş Komandana dəstək məqsədilə şüarlar səsləndirildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Eyni zamanda, bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Hətta Prezident İlham Əliyevin çağırışından sonra 10 minə qədər vətəndaş könüllü hərbi xidmət üçün müraciət etdi. Ancaq əfsuslar olsun ki, uğurlarımıza kölgə salmağa çalışan bəzi təxribatçı qrupların əməlləri Milli Məclisə daxil olmaqla, orada dağıntı törətməklə həm qələbəmizə, həm də ölkəmizin imicinə zərbə vurmağa hesablanıb. Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri təxribatçı qismində vətənpərvər vətəndaşlarımızın gözəl və nəcib addımına kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, hüquq-mühafizə orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Amma cəmiyyətimiz bir daha gördü ki, ən çətin anlarda belə “beşinci kolon” xəyanətindən qalmır. Bu səbəbdən də AXCP və Milli Şuranın təxribatçıları mütləq cəzalandırılmalıdır. Əgər onlar hərbi əməliyyatlar zamanı bu cür addımlar atırlarsa, təsəvvür edin ki, irimiqyaslı əməliyyatlar dövründə hansı xəyanətləri həyata keçirərlər? Ona görə də, bu cür xəyanətkarlara heç bir güzəşt olmamalıdır, onlar layiqli cəzalarını almalıdır”.