Səfir A.İmanov: Azərbaycan-Vyetnam münasibətləri uğurla inkişaf edir
Xo Şi Min, 7 noyabr, AZƏRTAC
Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətləri müasir dövrdə də davam edir, iki ölkə müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirir.
Bu fikri Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xo Şi Min şəhərindəki Sosial və Humanitar Elmlər Universitetində mühazirə zamanı deyib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın bu il Azərbaycana səfərinin xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulayıb.
Universitet rəhbərliyinin, beynəlxalq münasibətlər, politologiya, tarix və şərqşünaslıq fakültələrinin müəllim və tələbə heyətinin iştirak etdiyi mühazirədə A. İmanov Azərbaycanın tarixi, ölkəmizin mövcud sosial-iqtisadi inkişafı, xarici siyasəti barədə danışıb.
Bundan başqa, səfir Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələri barədə faktları diqqətə çatdırıb.
Mühazirədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqilliyimizin qorunmasında müstəsna rolu, onun ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın əsasının qoyulması istiqamətindəki fəaliyyəti haqqında da məlumat verilib.
Bundan başqa, səfir hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yerləşdiyi regionda lider dövlətə çevrilməsi, iqtisadi və hərbi potensialının güclənməsi, ölkəmizin iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri barədə söhbət açıb.
Tələbələri maraqlandıran sualları cavablandıran diplomat Azərbaycanda təhsil imkanları barədə danışıb.
Mühazirə zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib və səfirlik tərəfindən Azərbaycan haqqında Vyetnam dilinə tərcümə olunmuş kitablar tədbir iştirakçılarına paylanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Xo Şi Min