Səfir: Azərbaycan Bayrağı siyasət meydanında olduğu kimi, idman arenasında da zirvələrdə dalğalanır
Tbilisi, 30 aprel, AZƏRTAC
Azərbaycan Respulikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə Gürcüstanda səfərdə olan nümayəndə heyəti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı “Azərbaycan Evi”nin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, A.Əliyev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və digər rəsmi şəxslər, həmçinin burada fəaliyyət göstərən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nə də baş çəkiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri mərkəzdə gənclərin inkişafı və inteqrasiyası üçün yaradılmış şərait, eləcə də gənclər üçün hazırlanmış layihələrin icrasına baxıblar.
Sonra mərkəzdə gənclərin görüş olub.
“Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov Azərbaycan dövləti tərəfindən Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıdan, soydaşlarımızın təhsil problemlərinin həlli, gənclərin idmana marağının artırılması, mədəniyyətmizin inkişaf üçün dəstəklənən layihələrdən söz açıb.
Səfir Faiq Quliyev çıxışında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanan tədbirlər barədə məlumat verib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev Gürcüstanda da çox sevilir. Ulu Öndərin gürcü xalqı və soydaşlarımız qarşısında misilsiz xidmətləri olub.
Diplomat deyib ki, Azərbaycanda bütün sahələr kimi, idmanın da inkişafı Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasətin tərkib hissəsi olub. Bu gün Azərbaycanda gənclər və idman siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə inkişaf etdirilir. Bunun nəticəsində dünya, Avropa və olimpiya çempionlarımızın sayı artır. Azərbaycan Bayrağı siyasət meydanında olduğu kimi, idman arenasında da zirvələrdə dalğalanır.
Adil Əliyev çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, qalib xalqın nümayəndələridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə soydaşlarımızın Azərbaycan dövlətinə, xalqına və ön cəbhədə vuruşan əsgərlərimizə olan dəstəyi daim hiss olunub.
Gürcüstana səfərinin məqsəd və məramına toxunan A.Əliyev deyib ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Gürcüstana səfərimiz, iki ölkənin parlamentləri arasında əlaqələr, gənclər və idman siyasətinin inkişafı ilə bağlı məsələhətləşmələr aparmaq, birgə layihələr hazırlamaqdır.
Sonda boks və kikboks idmanı üzrə fərqlənən idmançılara hədiyyələr təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi