Səfir Birol Akgün: Türk dünyasının yeni bir intibahına şahidlik edirik
Bakı, 6 may, AZƏRTAC
Türkiyə ilə Azərbaycanın ortaya qoyduğu strateji həmrəylik yalnız iki ölkənin deyil, bütün Türk dünyasının inteqrasiyasına nümunə olaraq bu prosesə öncüllük etməkdədir.
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu liderlik sayəsində Ankara ilə Bakı arasındakı əlaqələr tarixin ən yüksək səviyyəsinə çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Səfir bildirib ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn bu qardaşlıq münasibəti enerjidən müdafiəyə, nəqliyyatdan təhsilə, texnologiyadan mədəni diplomatiyaya qədər hər sahədə strateji dərinlik qazanıb: “Bu gün TANAP təkcə boru xətti deyil, Türk dünyasının Avropaya açılan strateji damarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu yalnız bir nəqliyyat layihəsi deyil, Türk dünyasının bir-birinə bağlanan yoludur. Zəngəzur dəhlizi isə Türk dünyasının inteqrasiyasının açarıdır.
Cənubi Qafqaz bu gün yeni bir geosiyasi dövrə qədəm qoyub. Türkiyə Cənubi Qafqazı rəqabət sahəsi deyil, əməkdaşlıq, inkişaf və müştərək rifah məkanı olaraq görməkdədir. Dayanıqlı sülhün bərqərar olması, regional nəqliyyat şəbəkələrinin açılması, iqtisadi inteqrasiyanın dərinləşməsi və qarşılıqlı etimad mühitinin gücləndirilməsi yalnız bölgə ölkələri üçün deyil, bütün Avrasiya üçün strateji önəm daşıyır”.
Səfir bildirib ki, Türk dünyasının yüksəlişi yalnız geosiyasi bir məsələ deyil: “Bu yüksəliş, eyni zamanda, texnologiya, innovasiya və insan kapitalı məsələsidir. Biz bu gün Türk dünyasının yeni bir intibahına şahidlik edirik. XXI əsrin gücü yalnız torpağın altında deyil, məlumatda, süni intellektdə, çip istehsalında, alqoritmdə, proqram təminatında və bilikdədir. Türk dünyası gənc əhalisi, dinamik sahibkarlıq ekosistemi, təbii qaynaqları və strateji coğrafiyası ilə bu transformasiyanın passiv izləyicisi deyil, aktiv qurucusu olmağa namizəddir”.