SİYASƏT
Səfir: Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Azay Quliyev Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu deyib. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etməkdə olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı bildirib ki, xalqlarımız arasında mehriban dostluq münasibətləri mövcuddur.
İki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu diqqətə çatdıran A.Quliyev səmərəli əlaqələrin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edərək deyib: “Azərbaycan Milli Məclisində və Rumıniya parlamentində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. Bu sahədə münasibətlərin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlər mühüm rol oynayır”.
Azərbaycanın tarixi Zəfərindən danışan deputat işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib. Bildirilib ki, bu ərazilərdə infrastruktur yenilənir, yollar salınır, hava limanları inşa edilir. Lakin torpaqlarımızın erməni qəsbkarları tərəfindən minalanması aparılan quruculuq işlərinə maneə törədir. Eyni zamanda, bu minaların partlaması nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olur. Ermənistan tərəfinin verdiyi xəritələr isə qeyri-dəqiqdir.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib, Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkəmizin rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Səfir qeyd edib ki, Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir. O, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. Münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib və ölkələrimiz arasında əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.