Şəhid adını uca tutmaq hamımızın vətəndaşlıq borcudur
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) Dəniz Akademiyasında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə DXDG-nin kollektivi, akademiyanın tələbə və müəllim heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş igid Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Dənizçilər torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmkarlarının da məzarlarını ziyarət edərək, dərin ehtiramlarını bildirmişlər.
Dövlət Dəniz Akademiyasında keçirilən tədbirdə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Sonra akademiyanın rektoru Rasim Bəşirov çıxış edərək 1990-cı ilin yanvarın 20-sinin Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, məhz həmin gün Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmiş, dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmişdir.
Buna baxmayaraq, 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Sonra DXDG-nin xarici iqtisadi əlaqələr və marketinq üzrə rəis müavini Muxtar Axundov “20 Yanvar - Qanla yazılmış tarixi yaddaş” adlı məruzə ilə çıxış etmiş, o acı günlərin xatirələrini paylaşmışdır.
Tədbirdə çıxış edənlər ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladlarının 1990-cı il yanvarın 20-də qəhrəmanlıq salnaməmizə parlaq səhifə yazdıqlarını və bunun xalqımızın milli müstəqillik duyğusunun yüksəldilməsində müstəsna rol oynadığını vurğulamışlar.